XƏBƏR LENTİ

02 İyul 2019

Digər Xəbərlər

01 İyul 2019 - 11:12

İvanka Tramp:prezidentin məsləhətçisi, Birinci qız və birhəftəlik diplomat...

“CNN”, 01.07.2019

 

Prezident Donald Trampın Şimali Koreyaya tarixi səfəri ərəfəsində, ABŞ nümayəndə heyəti cənubi koreyalı vəzifədaşları ilə Mavi Evdə fotosessiyaya hazırlaşarkən, Dövlət Departamentinin katibi Mayk Pompeo qrupun arxasınca addımlayırdı. Tramp və prezident Mun Ce İn yerlərini tutdu, sonra Munun arvadı Kim Çen Suk. Növbəti şəxs Tramp administrasiyasının rəsmiləri və milli təhlükəsizlik qrupunun üzvləri deyil, qızı və böyük məsləhətçisi İvanka Tramp idi.

Kameralar işıldadıqda, Pompeo naqolay şəkildə qrupa dürtüşməyə çalışdı. Birinci qıza onun sıraya girmək istədiyini anlamaq üçün bir saniyə lazım oldu. Nəhayət, İvanka azca kənara çəkildi, amma dövlət katibinə özü ilə Cənubi Koreyanın Birinci xanımı arasında yer tutma imkan vermədi.

Bu, Trampın Asiya səfərində onun oynadığı mühüm rolu əks etdirən an idi: dünya liderinin baş köməkçisi özünü diplomat kimi tanıtmağa çalışırdı.

Vaşinqtonda döndükdə, milli təhlükəsizlik səlahiyyətliləri İvankanın xaricdə olduğu müddətdə böyük iştirakından qayğılanmışdılar. Ancaq prezidentə yaxın şəxslər üçün burada təəccüblənəcək heç nə yoxdur.

Administrasiya, xüsusən Ağ Evin Şərq Qanadı İvanka Trampın Birinci xanım olmadığına eyham vurub. Amma son dövrlərdə prezidentlə Avropaya və Tokioya səfər etmiş Melaniya Tramp G20 zirvəsi üçün Osaka və Seul səfərlərindən yayınıb. Onun ictimaiyyətlə əlaqələr müdiri və indi Ağ Evin mətbuat katibi Stefani Qrişam bunun səbəbini izah etməkdən imtina edib. Öz növbəsində, Birinci qız bu həftə xaricdə özünü ABŞ nümayəndə heyəti və prezident ailəsinin üzvü kimi unikal və misilsiz şəkildə sərgiləyib.

İndiyə qədər prezident uşağının administrasiyada özünə yer tutma fürsəti olmamışdı və bu, G20-dən hərbisizləşdirilmiş zonaya qədər olan ərazidə peyda olub.

Dördgünlük səfər zamanı İvanka Tramp Osaka şəhərində, G20 çərçivəsində çoxsaylı ikitərəfli görüşlərin iştirakçısı olub. Məsələn, Yaponiyanın baş naziri Şinzo Abe ilə görüş və Hollandiya kraliçası Maksima ilə “Qlobal inkişaf və Qadınların çiçəklənməsi” Təşəbbüsündə.

Fransız hökuməti onun Kanada baş naziri Castin Trüdo, Fransa prezidenti Emmanuel Makron, BVF-nun sədri Kristin Laqard və İngiltərə baş naziri Tereza Meylə görüşməyə çalışdığı bir video yayıb.

O, Ağ Ev tərəfindən nəşr olunan bir videoda da kameraya düşüb: prezidentin Hindistan baş naziri Narendra Modi və Abe ilə üçlü görüşü.

Tramp heyəti ilə birlikdə Seul səyahət edib, Mavi Evdə İvanka da nahara qatılıb, Cənubi Koreyanın xarici işlər naziri Kanq Kyunq-va ilə qlobal iqtisadiyyatda qadınların rolunu müzakirə edib və atasının Şimali Koreya lideri diktator Kimlə əl-ələ verdiyi hərbisizləşdirilmiş zonaya gedib (Tramp Şimali Koreya ərazisinə ayaq basmış ilk ABŞ prezidenti olub).

Milli təhlükəsizlik məsləhətçisi orada deyildi, çünki o, artıq Koreyanı tərk edib, “regional təhlükəsizlik, infrastruktur və iqtisadi məsələləri müzakirə etmək” üçün planlaşdırılan Monqolustan səfərinə çıxmışdı.

Pompeo da səfər zamanı əsasən arxa planda qalıb, yalnız prezidentin çıxışı zamanı arxasında dayanaraq kameraya düşüb. Ancaq atası Kimlə təxminən 50 dəqiqəlik görüş keçirərkən (Şimali Koreyada, sığınacaq içərisində və kameralardan uzaq), üst səviyyə səlahiyyətlilər, məsələn, Mik Malvani çöldə gözləyib. Şimali Koreyanın səyyar müxbiri vəziyyətlə bağlı sual verdikdə, İvanka deyib: “Surrealistdir”.

İvanka Tramp bundan əvvəl, Hamburqda keçirilən (2017) G20 zirvəsində dünya liderləri ilə görüşlərdən birində atası ilə birlikdə qısa müddət iştirak etdiyi üçün tənqidə tuş gəlmişdi. O, qadınların iqtisadi gücləndirilməsi və işçi qüvvəsinin inkişafı məsələlərində atasına məsləhət verir. Amma daxili məsələlərlə də bağlı tövsiyəsini əsirgəmir. Ailənin daşınmaz əmlakı ilə əlaqədar məsələlərdə də Trampın ən etibarlı məsləhətçilərindən biri olub.

Dövlət Departamentinin keçmiş sözçüsü, Pentaqonun mətbuat katibi və analitiki Con Kirbi CNN-ə bildirib ki, İvankanın səfər zamanı rolu, Ağ Evin baş rəsmisi kimi, Trampın səlahiyyətlərinin şəffaflığına dair qanuni narahatlıqlar doğurur. “Bu, İvanka Trampın hansı siyasi məsələlərə maraq göstərməsi və ABŞ adından danışmaq səlahiyyətinə malik olması ilə bağlı real sualları qaldırır”.

Kirbinin fikrincə, İvankanın bu qədər çox ikitərəli görüşdə iştirakı ən azı təəccüblüdür.

“Bu, əlbəttə, Amerikanın demokratik təmsilçili hökumət kimi dünyaya tanıtmır, çünki İvanka Tramp heç kim tərəfindən seçilməyib və rəsmi şəkildə heç bir vəzifəyə təyin olunmayıb”.

Administrasiyanın Aparat rəhbəri vəzifəsini icra edən Malvani Con Kellini əvəz edəndən, həm İvanka Tramp, həm də əri Cared Kuşner geniş əl-qol açıblar. Malvani öz sələfindən fərqli olaraq, özünü görməməzliyə vurmağa və ya Oval Ofisə girişini məhdudlaşdırmağa çalışır. Səlahiyyətlilər deyir ki, onu vəzifədə saxlayan da məhz budur. Öz növbəsində, Tramp və Kuşner, Malvanini müttəfiq sayırlar. Malvaniyə Trampın yaxın dairəsinin əsas üzvləri də güvənirlər.

Donald Tramp bu ilin əvvəllərində “Atlantic”-ə müsahibəsində deyib: “Əgər o nə vaxtsa prezident seçkilərinə qatılmaq istəsəydi, məncə, onu məğlub etmək çox çətin olardı”.

Prezident qızının dövlət başçlığına maraq göstərmədiyini bildirib.

Bazar günü prezident Osan hərbi hava bazasında qoşunlara müraciət edərkən, qızı və Pompeonu səhnəyə çağırıb. “İvankadan xəbəri olan varmı?.. İvanka, yaxın gəl, o, şouya qoşulmağa hazırlaşır”.

Sonra o, İvanka-Pompeo duetini “Gözəllik və Yırtıcı” adlandırıb.

Tərcümə: Strateq.az





Yuxarı Əvvələ Ana Səhifə